Apple WWDC 2022-də hansı yenilikləri etdi?

Xəbərlər

Hər il baş tutan WWDC konfransında Apple bu dəfə də bir çox yeniliklə yadda qaldı.

İlk öncə iPhone-lar üçün iOS-in yeni buraxılışı iOS 16 təqdim olundu. Əməliyyat sisteminin yeni versiyası ilə kilid ekranına müxtəlif funksiyalar əlavə edildi. Yeni bacarıqlar hesabına fərqli növ divar kağızları əlavə etmək, tarix və saatın şriftini və rəngini dəyişmək, həmçinin hava, zəng, təqvim və s. üçün yeni vidjetlər əlavə etmək mümkün olacaq.

iOS 16-nın yeni live activities rejimi bir çox proqramdan kilid ekranını açmadan aktiv şəkildə istifadə etməyə imkan yaradacaq. Həmçinin kilid ekranının aşağı hissəsində gizlədilə bilən bildiriş funksiyası da iOS 16 ilə gəlir. 

iOS 16 ilə siz “Messages” tətbiqində göndərdiyiniz ismarıclara düzəliş edə, həmçinin səhvən göndərdiyiniz mesajları geri qaytara biləcəksiniz. Yeni funksiyalardan biri də mesajı oxunmamış kimi qeyd etmək olacaq.

Apple, iOS 16 ilə birgə alış-verişləri hissə-hissə ödəməyə imkan verən “indi al, sonra ödə” tendensiyasına qoşulur. Yeni “Pay Later” funksiyası iOS 16 ilə Apple Pay-a gələcək.

Apple öz Fitness proqramını artıq bütün iPhone istifadəçiləri üçün aktiv edir. Əvvəllər bu tətbiq yalnız Apple Watch-u olanlar üçün əlçatan idi.

Yeniliklərdən biri də Apple-ın yeni M2 çipi oldu. Apple deyir ki, M2 çipseti, M1 ilə müqayisədə 18 faiz performans yüksəlişi təmin edir.

Yeni çipsetin gəlişi ilə birgə M2 çipseti ilə təchiz edilmiş MacBook Air də təqdim edildi. Eyni zamanda Air-ə yeni dörd rəng seçimi də əlavə olunur: gümüşü, kosmik boz, ulduz işığı və gecə yarısı. Yeni çipset və rəng seçimlərindən əlavə cihaz daha böyük, 13.6 düymlük ekran və daha incə çərçivə ilə təchiz edilib.

Yeni MacBook Air kimi, 13 düymlük MacBook Pro da M2 yeniləməsini alır. Bu cihaz 24 GB-a qədər RAM, 2 TB-a qədər yaddaş, həmçinin 20 saata qədər batareya ömrü təklif edir.

Apple-ın WWDC 2022 tədbirindən əsas yadda qalan yeniliklər məhz bunlar oldu. Müxtəlif növ Apple məhsullarını və digər cihazları əldə etmək üçün bakuelectronics.az saytına və ya filiallarımıza müraciət edin!

Oxşar xəbərlər